BAKI, 14 sentyabr. TELEQRAF
Bu gün “Gülüstan” sarayında TDT-nin Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində tanınmış azərbaycanlı mütəfəkkir alim Şeyx Seyyid Yəhya Bakuviyə (XV əsr) həsr olunmuş beynəlxalq elmi-praktiki Konfransın Plenar iclası keçirilib.
Teleqraf xəbər verir ki, TDT üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqallar Şurasıdır.
Tədbiri giriş sözü ilə açan Şeyxülislam A. Paşazadə Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində keçirilən, 40-a yaxın ölkəni, 18 beynəlxalq təşkilat və mərkəzi təmsil edən dövlət, din, elm və ictimai xadimi ehtiva edən 200-ə yaxın iştirakçını bir araya gətirən Beynəlxalq Konfransın ərsəyə gəlməsi üçün göstərilən ali himayəyə görə Dövlətimizin Başçısı Zati-aliləri İlham Əliyev cənablarına Konfrans iştirakçıları adından böyük ehtiramla təşəkkürünü ifadə edib.
Beynəlxalq Konfransın həmtəşkilatçılarının və qonaqların çıxışları dinlənilib.
TDT Baş katibi səfir Kubanıçbek Ömüraliyev , Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Ramin Məmmədov Beynəlxalq Konfrans iştirakçılarına müraciət ediblər.
Daha sonra Türk Dövlətləri Təşkilatının Müsəlman Dini idarə rəhbərləri Şurasının üzvlərinə söz verilib.
Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Mohamed Abdelsalam Abdelatif, İRSİKA-nın Baş direktoru Mahmut Erol Kılıç, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, İSESKO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov Beynəlxalq Konfransın iştirakçıları qarşısında çıxış ediblər.
Daha sonra Şeyxülislam A. Paşazadə Konfransın moderatorluğunu akademik İsa Həbibbəyliyə təhvil verib.
Tədbirdə bir sıra rəsmi şəxslər çıxış ediblər.
Çıxışlarda bildirilib ki, müasir dönəmdə çox aktual olan mötədil İslam nəzəriyyəsinin mötəbər şəxsiyyəti, islam maarifçiliyinin parlaq nümayəndəsi, mütəfəkkir filosof və şair Seyyid Yəhya Bakuvinin bugün daha geniş miqyasda dünyaya tanıdılması elmi, ictimai və dini mühit üçün son dərəcə önəmli və şərəflidir. Bu gün qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada separatçılıq və dini radikalizm kimi bəşəriyyəti təhdid edən hadisələrin yaşandığı bir zamanda Bakuvi fəlsəfəsində mötədil İslamın təbliğinə, milli-mənəvi dəyərlərin birləşdirici gücünə və bəşəriyyət üçün vacib olan insan qardaşlığı prinsiplərinin təşviqinə böyük ehtiyac vardır. Müasir dövr üçün xüsusi əhəmiyyət kəsb edən cəhətlərdən biri də Seyyid Yəhya Bakuvi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam sivilizasiyasının mühüm mənəvi sərvətlərindən biri kimi milli kimliyin, mənəvi suverenliyin və ortaq dini-irfani irsin qorunması baxımından xüsusi əhəmiyyət daşımasıdır.