BAKI, 14 mart. TELEQRAF

"Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı”, - dövlət başçısı bildirib.

Azərbaycan prezidenti vurğulayıb ki, bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi:

“Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Biz Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq.

Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq”.