BAKI, 19 noyabr. TELEQRAF
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-19-da Avrasiya İqtisadi Birliyinin (AİB) iclasında iştirak etmək üçün Rusiyaya səfər etməli olsa da, dünən bu, Moskvanın təşəbbüsü ilə ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, Moskva anti-Rusiya bəyanatları səsləndirmiş nazirin qəbulunda maraqlı olmayıb.
Gevorq Papoyanın özü isə dünən məsələni belə izah edib:
“Nazirlər gömrük tarifləri və ticarətin tənzimlənməsi məsələlərini müzakirə etməli idilər. Amma iki tərəfdaş nazir son anda iştirak edə bilmədiyi üçün görüşün nazir səviyyəsində ləğv edilməsinə qərar verdik”.
Papoyanın mətbuat katibi Lilit Şaboyan bildirib ki, nazirlər və nazir müavinləri səviyyəsində iki görüş nəzərdə tutulmuşdu. Onun sözlərinə görə, nazir müavinləri səviyyəsində iclas keçiriləcək. Ermənistanın iqtisadiyyat nazirinin müavini hazırda Moskvadadır və görüşdə iştirak edəcək.
Moskvaya yola düşən yeni nazir müavini Tiqran Qasparyanın ezamiyyəti ilə bağlı qərar dünən Ermənistan hökumətinin saytında dərc edilməmişdi.