BAKI, 11 noyabr. TELEQRAF

Bakının Binəqədi rayonunda kafeni yandıraraq 1 nəfərin ölümünə, 12 nəfərin ağır xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Namiq Salahov onlayn formada ifadə verib.

Ölkə xaricində olan zərərçəkmiş ifadəsində göstərib ki, sentyabrın 12-dən 13-ə keçən gecə dostu ilə kafedə olub: "Hadisə anidən baş verdi, xəsarət alanlara kömək etdik.

Famil hesabı istədi, mübahisə də bunun üstündə yarandı. Kafeni işlədən Əfqanla mübahisə zamanı onlar bir-birlərinə "adam kişi olar" dedilər. Hesab 39 manat etmişdi. Mübahisə məbləğ üstündəydi. Famil üstümüzə neft tökdü, alışqanla yandırdı. Mənim bütün ayaqlarım yandı. Kafedə partlayış oldu. Səhv etmirəmsə, Famil qapını arxadan tutdu ki, içəridəkilər çölə çıxa bilməsinlər".

Zərərçəkmiş şəxs təqsirləndiriləndən şikayətçi olduğunu bildirib. Deyib ki, xəstəxanada 4 ay müalicə alıb, 10 min manat ziyana düşüb və həmin məbləği tələb edir.

Şahid qismində ifadə verən Vüqar Ələkbərov bildirib ki, taksi sürücüsüdür, Bakı-Sulutəpə-Qobu yolu üzrə müştəri daşımaqla məşğul olur. Bakıdan müştəri götürərək Sulutəpə qəsəbəsinə gəlib: "Bir nəfər əl elədi, maşını saxladım. Dedi, maşınının benzini qurtarıb, onu yanacaqdoldurma məntəqəsinə aparmağımı istədi. Müştəriləri düşərəndən sonra onu dediyi yerə apardım. Kapron qabda beş litir benzin aldı, geri qayıdaraq maşından düşdü. Bir az sonra kafedə yanğın baş verdiyini gördüm".

Növbəti proses dekabrın 9-a təyin olunub.

Qeyd edək ki,hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində baş verib.

Kafenin inzibatcısı ilə yaranmış mübahisə zamanı Famil Kərimov oranı tərk edərək yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edərək yanacaqdoldurma məntəqəsindən benzin alıb və yenidən kafeyə qayıdıb.

O, benzini oraya səpərək obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək özünü ikinci mərtəbədə yerləşən kafedən atıb, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Kafedə olan daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən ağır xəsarətlər alıblar.

Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.