BAKI, 11 noyabr. TELEQRAF
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə Eldəniz Qulamov müdafiəçisindən imtina etdiyini elan edib. Bildirib ki, vəkil onun müdafiə hüququnu düzgün qurmayıb.
Məlum olub ki, Qulamovun yeni vəkili Faiq Nəcəfov da məhkəmə iclasına gəlməyib.
Hakim deyib ki, yeni vəkilə məhkəmənin vaxtı barədə məlumat verilib. Prosesə qatılmadığı üçü ona xəbərdarlıq edib.
Daha sonra prosesdə qısa fasilə elan olunub. Fasilədən sonra məlum olub ki, vəkil Faiq Nəcəfov Naftalan şəhərindən Bakıya gəlir, hazırda Hacıqabul rayonunu ərazisindədir.
Hakim bildirib ki, qanunvericiliyin tələbləri var, növbəti dəfə vəkil məhkəmədə iştirak etməsə, təqsirləndirilənə dövlət hesabına vəkil təyin edilə bilər.
Növbəti proses noyabrın 25-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən prokuror Raqif Abbasov və Eldəniz Qulamovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
