BAKI, 17 iyun. TELEQRAF
“Sizə 2024-cü ildə keçdiyimiz yolu xatırlatmaq istəyirəm, çətinliklərin öhdəsindən gəlirdik. Əgər bu qərarları verməsəydik, bu gün təmas xətti ən yaxşı halda Tavuş bölgəsinin dərinliklərindən keçirdi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab sessiyası zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesindən danışarkən deyib.
“Biz təkcə öndə deyil, həm də arxada döyüşəcəkdik. Kirantsın boşaldılacağını deyənlər haradadır? Bu gün Kirantsda 51 ev tikilir. Bu gün Kirants yol qovşağıdır, çünki indi əvvəlkindən daha təhlükəsiz olan dövlətlərarası magistral yol oradan keçir”, - o bildirib.
Paşinyan əlavə edib ki, bugünkü Ermənistan ən böyük uğurlu layihədir: “Bəzi insanların (daxili radikal qüvvələrin) məhv etmək istədiyi layihə budur. Məhv etmək istəyənləri isə məhv gözləyir - birmənalı şəkildə, güzəştsiz, qeyd-şərtsiz”.