BAKI, 1 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı doğum günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İki ölkə arasında davam edən gərginlik fonunda gələn mesaj qısalığı ilə diqqət çəkib. Ermənistan mediası bunu Vladimir Putinin iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Ermənistan baş naziri postunda görmək istəmədiyi Nikol Paşinyana soyuq münasibəti kimi şərh edib.
Rusiya liderinin mesajında deyilir:
“Hörmətli Nikol Vovayeviç, ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər ənənəvi dostluğa əsaslanır və biz bunun daha da inkişaf etdirilməsində maraqlıyıq. Sizə cansağlığı, firavanlıq və uğurlar arzulamaq istəyirəm”.
Xatırladaq ki, son zamanlarda Rusiya və Ermənistan arasında gərginlik hökm sürür. Gərginlik Rusiya Prezidentinin Ermənistandan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı arasında dərhal seçim etməli olduğu barədə açıqlaması ilə başlayıb. Moskva İrəvanı AİB-dən çıxacağı təqdirdə Ermənistana satılan qazın qiymətinin artırılacağı və digər iqtisadi güzəştlərin dayandırılacağı ilə hədələyib. Ermənistan Baş naziri indiki halda belə bir seçimin məntiqsiz olduğunu bəyan edib.