XANKƏNDİ, 10 noyabr. TELEQRAF
“Qalib ölkənin vətəndaşı və döyüşçüsü kimi Zəfər Gününü həmişə anmalı, şəhidlərimizi daim yad etməliyik”.
Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü, 44 günlük Vətən müharibəsinin iştirakçısı Tofiq Musayev Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsində jurnalistlərə açıqlamasında deyib.
O, Zəfər Gününün əhəmiyyətindən, müharibə ilə idmandakı mübarizənin fərqindən, gənclərin vətənpərvər ruhda yetişməsinin vacibliyindən danışıb. İdmançı, həmçinin gələcək döyüşlərdə Azərbaycanı layiqincə təmsil etmək istədiyini vurğulayıb:
“Cənab Prezidentimiz “Dəmir Yumruq”la bir daha bütün dünyaya sübut elədi ki, biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq. Biz bir daha dünyaya sübut elədik ki, xarakterimiz, döyüşümüz, qanımız və canımızla daim Vətənə bağlıyıq. Biz cənab Prezidentimizə bir əsgər, bir zabit kimi hər zaman borcluyuq. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Fərqlər böyükdür. Təbii ki, müharibədə ölmək və qalmaq var, rinqdə isə qələbə və məğlubiyyət var.
Düşünürəm ki, bu cür tədbirlərin daha çox keçirilməsi, ən əsası, gənclərimizin vətənpərvər böyüməsi üçün daha məqsədəuyğun olar. Belə tədbirlərdə qazilərimizi və şəhid ailələrimizi daha çox görməyimiz, onları daim yada salmağımız vacibdir. Döyüş səhnəsindən keçmiş bir döyüşçü və zabit kimi düşünürəm ki, bu cür tədbirlər alqışa layiqdir. Bunun üçün Gənclər və İdman Nazirliyinə, cənab nazir Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm ki, belə məqsədyönlü və gözəl tədbir təşkil ediblər.
Həyatda özünü rəqib görən insanlar, düşünürəm ki, birinci növbədə, rəqabəti özü ilə aparmalıdır. Bunun üçün də ilk növbədə keçdiyimiz yolda, addımladığımız yolda hər bir qələbəni də, məğlubiyyəti də dərk edərək Allaha sığınırıq. Bizim işimiz yalnız öz missiyamızı uğurla, əzmkarlıqla davam etdirməkdir. İnşallah, necə ki, bu gün Zəfər Gününə yığışmışıq, növbəti döyüşlərimizdə də zəfər çalıb ölkəmizi bayrağımıza layiq təmsil edərik”.