BAKI, 6 may. TELEQRAF
“Ermənistan və Türkiyə arasında dialoq müsbət nəticələr vermək üçün kifayət qədər yetkinləşib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Türkiyə ilə yaxşı dialoqumuz var. Əməkdaşlıq üçün bir çox imkanlar yaranıb, dünən nümayəndələrimiz Ermənistan və Türkiyə sərhədində yerləşən tarixi “Ani” körpüsünün birgə bərpası ilə bağlı memorandum imzalayıblar. Bir həftə əvvəl isə Ermənistanla Türkiyə arasında Gümrü-Qars dəmir yolunun bərpası üzrə çalışan işçi qrupunun üçüncü iclası keçirilib. Başqa sözlə, çoxsaylı əməkdaşlıq nümunələrimiz var, amma ümumilikdə sərhəd bağlıdır.
Diplomatik münasibətlər qurmağa ikitərəfli hazırlığımızı, sərhədi tam açmağa ikitərəfli marağımızı və hazırlığımızı artıq bəyan etmişik. İlk mərhələdə üçüncü ölkələrin vətəndaşları və diplomatları üçün sərhədin açılması barədə razılıq əldə edilsə də, bu günə qədər sərhədlər hələ də bağlıdır”, - o bildirib.
Mirzoyan əlavə edib ki, bəzi razılaşmalar həyata keçirilir, bəziləri isə hələ də hazırlanır: “Amma əminliklə deyə bilərəm ki, bu, baş verəcək, çünki Ermənistan-Türkiyə dialoqu əlverişli nəticələr əldə etmək üçün kifayət qədər yetkin səviyyəyə çatıb”.