BAKI, 11 mart. TELEQRAF
“2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamaq barədə qərarını qəbul etməsəydik, bu gün Ermənistan Respublikası ən yaxşı halda xarici idarəetmə altında olardı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
“Üstəlik, delimitasiya ilə bağlı bu qərarı qəbul etmək çox çətin idi. Kilsəmizin faktiki rəhbərinin (II Qaregin) təşviqi ilə arxiyepiskoplardan biri (Baqrat Qalstanyan) Ermənistanda təkcə delimitasiyanın həyata keçirilməməsinə qarşı yox, “Qarabağ Hərəkatı”nın, yəni münaqişənin yenidən alovlandırılmasını tələb edən hərəkat başlatmışdı”, - o bildirib.
Baş nazir qeyd edib ki, on minlərlə vətəndaş yüksək rütbəli din adamları və onları dəstəkləyən müxalif qüvvələrin apardığı dezinformasiya kampaniyasına inanaraq küçələrə çıxmışdı:
“Onlar iddia edirdilər ki, guya hökumət Ermənistanın suveren ərazilərini, həmin ərazilərdə yerləşən qədim kilsələr və yaşayış məntəqələrini Azərbaycana verməyə hazırlaşır.
Siz təsəvvür edə bilərsinizmi ki, bu, 2018-ci ilin xalq inqilabı nəticəsində hakimiyyətə gəlmiş hökumətimiz və siyasi komandamız üçün nə demək idi? Bəs biz bu problemi necə həll etdik? Bizi seçən xalqla danışdıq. İndi isə Kirantsda - kilsə-müxalifət hərəkatının liderləri tərəfindən simvola çevrilmişdi və insanları inandırırdılar ki, kənd boşalacaq və tərk ediləcək - orada delimitasiyadan sonra hökumətin dəstəyi ilə evlərin sayında təxminən 50 faiz artım olub və bu gün tamamilə sakit, təhlükəsiz və rəngarəng yaşayış məntəqəsidir. Qədim kilsələr isə bərpa olunur və ya təmir edilir”.
Paşinyanın sözlərinə görə, şəxsən özü vətəndaş cəmiyyəti nümayəndələrinin Kirantsa səfərlərini təşkil edir ki, insanlara “sülh” deyəndə nəyi nəzərdə tutduqlarını, “Real Ermənistan” deyəndə nə demək istədiklərini göstərsin: “Biz Ermənistan və Azərbaycan arasında sülhü 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tanımaqla qurmuşuq”.
Ermənistan Baş naziri din adamları və onlara dəstək verən xarici qüvvələrin səylərinə baxmayaraq, Azərbaycanla ölkəsi arasında yeni müharibənin olmayacağını bəyan edib: “Yeni münaqişə və yeni müharibəyə imkan verməyəcəyik. Minlərlə qurban bahasına əldə olunmuş şüur, sülh və müstəqilliyin anti-xristian məqsədlər naminə qurban verilməsinə imkan verməyəcəyik”.
O əlavə edib ki, bu gün bəziləri erməni kilsəsindən münaqişə, müharibə və ya Ermənistan daxilində zorakılığı təbliğ etmək üçün istifadə edir və bununla da ölkənin qanunlarının sərhədlərini aşırlar: “Bu isə heç bir ölkədə qəbul edilə bilməz”.