BAKI, 17 fevral. TELEQRAF
“Ermənistan hökuməti Ruben Vardanyanın Azərbaycanda həbsdə qalmasında maraqlıdır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək. Simonyan sadəcə bu açıqlama ilə erməni ictimaiyyətinə mesaj göndərir ki, Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. Halbuki Ruben Vardanyan kimi caninin sərbəst buraxılması başda Baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla Ermənistan hakimiyyətinin problemlərini artırardı.
Bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olmuşdu. Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi. Yəni Vardanyanı həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyanın özü həbs etmək məcburiyyətində qalacaqdı”, - ekspert bildirib.
Elxan Şahinoğlunun fikrincə, bu, parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı:
“Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və lideri Ruben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdır”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.