BAKI, 16 yanvar. TELEQRAF
“Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın qarşıdan gələn parlament seçkilərində Ermənistan Baş naziri Nikol Paşinyanı dəstəkləyəcəyini deməyib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
Jurnalistlərin müvafiq sualına parlamentin sədri belə cavab verib:
“Belə bir şey deyilməyib, o, sadəcə Ermənistanın hazırkı hökumətinin sülh prosesinə yanaşmasını yüksək qiymətləndirdiyini bəyan edib”.
Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistanda 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və bu proses sülh üçün mühüm mərhələ olacaq:
“Gördüyümüz budur ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderdir. Onun səmimi şəkildə bu məsələdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndiririk. Bu yanaşma, bu iradə davam etdirilməlidir”.
Türkiyə xarici işlər nazirinin bu açıqlaması Ermənistan mediası və müxalifət dairələrində “seçkilərdə Nikol Paşinyana Ankaranın dəstəyi” kimi şərh edilib.