BAKI, 15 yanvar. TELEQRAF
Ermənistanın Rəqabət və İstehlakçıların Maraqlarının Müdafiəsi Komitəsinin sədri Geqam Gevorkyan ölkədə maye qazın qiymətinin artmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin iclasında danışıb.
“Bu, hər il dekabr ayında baş verən adi prosesdir, burada fövqəladə bir şey yoxdur”, - Gevorkyan deyib.
Onun sözlərinə görə, hər il Lars yol qovşağı (Rusiya-Gürcüstan) ilə bağlı problem yarananda nəqliyyat xərcləri artır.
Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, məsələnin həlli Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması kontekstində nəzərdən keçirilməlidir: “Ermənistanın tədarük üçün müxtəlif yol və mənbələri olmalıdır. Məsələ məhz buradadır. Burada çox şey axtarmağa ehtiyac yoxdur”.
Baş nazir vurğulayıb ki, həmin yolla davam etmək lazımdır: “Əmin olun, bu ilin dekabrında artıq bu problem olmayacaq, əmin olun”.
İqtisadiyyat naziri Gevorq Papoyan isə əlavə edib ki, Ermənistan maye qazı Lars yolu üzərindən Rusiya, həmçinin İrandan alır:
“Məlum səbəblərdən iki istiqamətdə çətinliklər var. İş adamlarına təklifimiz belə olub: dəmir yolu vasitəsindən istifadə etməyin vaxtıdır. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələni birdəfəlik həll edə biləcəyik, çünki dəmir yolu Lars yolu kimi bu tip problemlərlə üzləşmir”
Baş nazirin müavini Mqer Qriqoryan da bildirib ki, maye qazı dəmir yolu ilə gətirmək mümkündür. O, yaxın gələcəkdə maye qazın məhz bu üsulla idxal ediləcəyinə əmin olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycandan Ermənistana dəmir yolu vasitəsilə iki partiya benzin tədarük edilib. Ermənistanla bu ticarətin davam edəcəyi, qarşıdakı dövrdə Azərbaycandan qaz da tədarük ediləcəyi gözləntilər arasındadır.