BAKI, 23 dekabr. TELEQRAF
“Avropa İttifaqı vizasız səyahət rejimindən Gürcüstana qarşı şantaj mexanizmi kimi istifadə edir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili deyib.
“Son illərdə Avropa bürokratiyası siyasi şantaj üçün hər bir mexanizmdən istifadə edir, məsələn, namizəd statusu və vizasız rejim məsələlərindən. Avropa institutlarının özləri də etiraf edirlər ki, Gürcüstan bütün göstəricilər üzrə ilk beşlikdə və ya ilk iyirmilikdədir. Moldova və Ukrayna isə bütün göstəricilər üzrə Gürcüstandan geri qalır. İndi isə deyirlər ki, vizasız rejim təhlükə altına düşə bilər. İnsanlar artıq başa düşürlər ki, Brüssel birbaşa zorakı siyasətə keçib. Təəccüblü deyil, çünki ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında da qeyd olunur ki, Brüssel Avropa dəyərindən yayınıb. Təəssüf ki, bu da Gürcüstana qarşı şantaj mexanizmi kimi istifadə olunur. Vizasız rejim üçün suverenlik və ənənələrdən heç kim güzəştə getməyəcək. Əksinə, bu, Avropa dəyərlərinə ziddir”, - siyasətçi bildirib.