BAKI, 18 dekabr. TELEQRAF

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın Azərbaycandan benzini hansı qiymətə alması barədə jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf xəbər verir ki, o, suala konkret cavab verməyib və bunun bazar qiymətlərindən asılı olduğunu söyləyib.

“Hazırda demək çətindir, ilk tədarük zamanı xərclər standart olmur, görünür, sonrakı mərhələlərdə də standart olmayacaq. Müəyyən qədər sabit və görünən bazar konyunkturası formalaşandan sonra dəqiq demək mümkün olacaq. İlk idxaldan sonra bəzi şirkətlər daha aşağı, bəziləri isə daha yüksək qiymətlə sata bilər, amma iştirakçıların davranışında düzəlişlər edən sonrakı dəyişikliklərdir. Özəl sektorda qiymət rəqabət əsasında formalaşır. Bizim vəzifəmiz bazarda mümkün qədər çox iştirakçı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artması və nəticədə qiymətlərin maksimum dərəcədə aşağı düşməsinə gətirib çıxaracaq”, - nazir qeyd edib.

Gevorq Papoyan konkret olaraq hansı özəl şirkətin Azərbaycandan benzin partiyası aldığını açıqlamayıb: “Zəhmət olmasa sorğu göndərin, cavab verə bilsək, verərik”.