BAKI, 22 sentyabr. TELEQRAF
İrəvan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olması məsələsini qaldırmır və bu məsələdə tərəflər arasında anlaşma mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov İrəvanda "Sputnik Ermənistan"a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi sülh müqaviləsinin imzalanmasının Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı olduğunu açıq şəkildə bəyan edib:
"Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünə potensial iddiaların istisna olunması tələb edilir. Əsas məsələ Ermənistanın müstəqillik bəyannaməsində Qarabağın qeyd olunmasıdır ki, bu, Azərbaycan üçün həssas məsələ və potensial zaman bombasıdır".
Murad Muradov əlavə edib ki, Azərbaycan Konstitusiyasında Ermənistanla bağlı ərazi iddiaları yoxdur:
"Vaşinqtonda tərəflərin müqaviləni paraflaması göstərir ki, bu məsələdə anlaşma mövcuddur və Ermənistan Azərbaycan Konstitusiyasını müzakirə etmir".
Ekspert sülh müqaviləsinin bir il ərzində imzalanmasının mümkün olduğunu da istisna etməyib.
Xatırladaq ki, Türkiyə və Azərbaycandan olan nümayəndə heyətləri NATO Parlament Assambleyasının 22-23 sentyabr tarixlərində İrəvanda keçirilən seminarında iştirak edirlər.