BAKI, 27 may. TELEQRAF
“Rusiya regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün Cənubi Qafqazdan olan tərəfdaşları ilə fəal dialoq aparır, terrorizmlə mübarizədə Azərbaycan, Ermənistan və digər ölkələrlə sıx əməkdaşlıq edirik”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Müvafiq hüquqi və müqavilə bazası yaradılıb və formalaşdırılıb, ölkələrimizin hüquq mühafizə orqanları ilə xüsusi xidmət orqanları arasında əməkdaşlıq kanalları səmərəli fəaliyyət göstərir. Ona görə də həm qarşılıqlı maraqlardan çıxış edərək, həm də bunun üçün səy və imkanların birləşdirilməsi zərurətini nəzərə alaraq terrorizmə qarşı mübarizə istiqamətində bu işi gücləndiririk”, - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiya ardıcıl olaraq ümumbəşəri və qlobal təhlükəsizliyin qorunması maraqlarına cavab verən ədalətli dünya nizamının formalaşdırılmasının zəruriliyi ideyasını təbliğ edir:
“Bu kontekstdə biz bütün dost ölkələr, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz regionu, BMT və onun ixtisaslaşmış qurumları, eləcə də ŞƏT, KTMT və MDB kimi nüfuzlu beynəlxalq və regional strukturlarla əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk”.