TBİLİSİ, 16 may. TELEQRAF

Gürcüstanın Gəlirlər Xidməti Ermənistanın alkoqol məhsulları ixracatçılarının yüklərinin ölkə ərazisində əsassız saxlanılması ilə bağlı ittihamlarını inkar edib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumdan yerli “Business Media” nəşrinə bildirilib.

Qeyd olunub ki, gömrük nəzarəti prosedurları adi rejimdə həyata keçirilir, nəqliyyat vasitələri üçün hər hansı bir ləngimə yoxdur.

Xatırladaq ki, mayın 13-də Ermənistanın alkoqol ixracatçıları və yük daşıyıcılarının bir qrupu İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. İştirakçılar Gürcüstan ərazisi ilə yüklərin daşınması zamanı ləngimələrlə bağlı izahın verilməsini tələb ediblər. Onların sözlərinə görə, Rusiya və Baltikyanı ölkələrə ixrac üçün nəzərdə tutulan konyak məhsulu Gürcütanda “Yuxarı Lars” gömrük-keçid məntəqəsində əsassız ekspertizalara və laborator yoxlamalara məruz qalır ki, bu da böyük gecikmələrə və maliyyə itkilərinə səbəb olur.