BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ və İran arasındakı gərginliyin diplomatik yolla aradan qaldırılmasına dair gözləntilərin artması neftin qiymətinin 100 dollardan aşağı düşməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, dünən 105 dollara qədər yüksələn Brent markalı neftin fyuçersləri günü 103,87 dollarla bağlayıb. Bu gün saat 17:49-a olan məlumata görə, noyabr ayı üçün Brent markalı neftin fyuçersləri bağlanış qiymətindən təxminən 4 faiz aşağı olaraq 99,75 dollardan satılıb.

Qiymətlərin azalması BMT Baş Assambleyası çərçivəsində diplomatik əlaqələrin Yaxın Şərqdə geosiyasi gərginliyin azaldılmasına töhfə verə biləcəyi ehtimalı ilə əlaqələndirilir.