TBİLİSİ, 24 aprel. TELEQRAF

“Gürcüstan “3+3” formatında iştirak etmir və bunun obyektiv səbəbləri var”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İmedi telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.

O, Rusiya ilə istənilən formatda əməkdaşlığın qəbuledilməz olduğunu bildirib.

“Rusiya ərazilərimizi işğalda saxladıqca, bu məsələnin həll olunmasında irəliləyiş əldə olunmayana qədər Gürcüstanın “3+3” formatına qoşulması mümkün olmayacaq. Bu mövzuda mütəmadi olaraq spekulyasiya etmək mənasızdır. Bu format illərdir mövcuddur və Gürcüstan çox konkret səbəbdən iştirak etmir”, - XİN başçısı söyləyib.