TBİLİSİ, 17 aprel. TELEQRAF
“Gürcüstan təxminən iki həftədir ki, ABŞ-də səfir vəzifəsinə namizədini Vaşinqtona təqdim edib. Ümid edirik ki, təsdiqi tezliklə alacağıq və sonra səfirin kimliyi açıqlanacaq”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının efirində deyib.
O qeyd edib ki, səfirin təsdiqlənməsi ilə bağlı prosedur adətən iki həftədən iki aya qədər davam edir.
İ.Kobaxidze prosesin uzanmayacağına ümidvarlığını bildirib.
Qeyd edək ki, Gürcüstanın ABŞ-dəki səfiri David Zalkaliani ötən ilin noyabr ayının sonunda istefa verib.
Tbilisi-Vaşinqton münasibətlərində böhran həmin dövrdən hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Ağ Evin yeni rəhbərliyi Gürcüstanla bağlı mövqeyini rəsmi olaraq hələ açıqlamayıb.