BAKI, 19 mart. TELEQRAF

Azərbaycan Ermənistandan Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərini geri qaytarmağı tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, Bakı İrəvandan Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə yanaşı, adları yuxarıda qeyd olunan anklavları da geri istəyir.

“Hakim partiyanın son qapalı iclasında Baş nazir Nikol Paşinyan komandasına bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Kərki, eləcə də Ermənistanın Tavuş rayonunun üç kəndini (Sofulu, Barxudarlı və Yuxarı Əskipara – red.) tələb edir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu kəndlər 1990-cı illərin əvvələrində erməni hərbi birləşmələri tərəfindən işğal edilib.