BAKI, 28 oktyabr. TELEQRAF

“Sizi məyus edəcəm, sülhü təxirə salmaq olmaz, o, artıq xeyli müddətdir bərqərar olub. Sərhədyanı bölgələrdə yaşayan insanlardan və orduda xidmət edən qohumlarınızdan soruşun, onlar da sülhün olduğunu söyləyəcəklər. Sülh mövcuddur və o dərəcədə işləyir ki, Ermənistanla Azərbaycan arasında ticarət aparılır”.

Teleqraf xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə müxalifət fraksiyalarının üzvlərinin suallarını cavablandırarkən deyib.

O əlavə edib ki, Ermənistan sülh sazişinin imzalanacağı yer və tarixi müəyyənləşdirmək üçün məsləhətləşmələrə dərhal başlamağa hazırdır:

“Azərbaycan danışıqlar prosesində bu tələbi və ya şərti irəli sürmür. Biz “gəlin, sazişi imzalayaq” deyəndə, onlar “konstitusiyanız dəyişməyənədək imzalamayacağıq” deyirlər. Yəni konstitusiyamızı dəyişməyi tələb etmirlər, sadəcə, imzalamayacaqlarını bildirirlər”.

Mirzoyan vurğulayıb ki, hazırkı hökumətin mandat müddəti ərzində sülh sazişinin imzalanmasını təmin etmək öhdəliyi var. O əmin edib ki, hökumət səlahiyyət müddətinin sonuna qədər - istər 2027-ci ildə, istərsə də 2026-cı ilin sonunda imzalanmanı təmin etməyə hazırdır.