BAKI, 28 oktyabr. TELEQRAF

Gürcüstan parlamenti plenar iclasda üçüncü və son oxunuşda ölkədə iri beynəlxalq qumar turnirlərinin keçirilməsinə icazə verən qanunvericilik dəyişiklikləri paketini qəbul edib.

Teleqraf xəbər verir ki, qanunu 73 deputat dəstəkləyib, 5 deputat isə əleyhinə səs verib.

Yeni qanun layihəsinə əsasən, beynəlxalq qumar turniri kazino sahiblərinin təşkil etdiyi və iştirakçıların ən azı 80 faizinin əcnəbilərdən ibarət olduğu oyunlar hesab ediləcək. Turnirin mükafat fondu 3 milyon laridən (1,1 milyon dollardan çox) artıq olarsa, təşkilatçı qumar biznesi vergisini ödəməyəcək.

İri beynəlxalq turnirin keçirilməsinə dair icazə şərtlərini pozan şəxs 50 min lari (19 min dollardan çox) məbləğində cərimələnəcək. İcazəsi olmayan şəxsin belə yarış təşkil etməsi halında isə cərimə 150 min lari (təxminən 60 min dollar) təşkil edəcək.

Gürcüstan parlamentinin İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili hesab edir ki, beynəlxalq qumar turnirlərinin keçirilməsi turist axınının artmasına və ölkəyə əlavə iqtisadi gəlir gətirilməsinə kömək edəcək.