
TBİLİSİ, 18 mart. TELEQRAF
“Cənubi Qafqaz çox kiçik regiondur və iqtisadi baxımdan vahid məkandır. Bölgədə sülhün alternativi yoxdur”.
Bunu Teleqraf-ın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari deyib.
O, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının başa çatdırılmasının elan edilməsini alqışladığını bildirib.
“Danışıqların yekunlaşması çox vacibdir və böyük addımdır. Nəhayət bölgəmizdə əmin-amanlıq bərqərar olunacaq”, - S.Subari söyləyib.
Vitse-spiker Bakı və İrəvan arasında sülh sazişinin Tbilisidə mümkün imzalanmasını da şərh edib. Onun sözlərinə görə, Tbilisi mühüm sənədin rəsmiləşdirilməsinə ev sahibliyi edərsə, bu yalnız alqışlana bilər:
“Ümumiyyətlə istəyirəm ki, dost ölkəmiz Azərbaycanda baş verən Gürcüstanda da olsun və ərazi bütövlüyümüz bərpa edilsin. Bölgə ölkələri vahid iqtisadi məkana çevrilməlidir. Millətlərimiz arasında mövcud olan sevgi və qardaşlıq gələcəkdə də davam etməlidir”.