BAKI, 12 mart. TELEQRAF

Ermənistan iki ildir Kəlbəcər və Zəngəzurla sərhəd istiqamətlərində mühəndis-istehkam işləri aparır, bunkerlər və atəş sahələri yaradır. Ermənistan Hindistandan aldığı artilleriya sistemlərini də Azərbaycanla sərhəddə yerləşdirib.

Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının sərhəddəki yarı hərbi missiyası isə Ermənistanın bu hərbi fəallığını və təxribatçı addımlarını görməzdən gəlir:

“Ermənistandan fərqli olaraq, Azərbaycan sərhəddə təxribat sayıla biləcək fəaliyyətlərlə məşğul deyil. Bunu Ermənistan tərəfi də görür. Amma Ermənistan hər keçən gün sərhəddə qoşun növlərinin yerdəyişməsini həyata keçirir, qüvvələri və texnikalarının sayını artırır. Paşinyan bir tərəfdən “sülh” mesajları verir, digər yandan müharibəyə hazırlaşırlar”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyanın hazırkı siyasəti bir neçə məqamla əlaqəlidir:

“Birinci, Azərbaycanı Zəngəzur dəhlizinin açılması hədəfindən daşındırmağa çalışırlar. İkinci, sərhəddəki strateji yüksəkliklərdən Azərbaycanı çıxarmaq istəyirlər. Üçüncü, danışıqlarda üstünlüklərini təmin etməyi hədəfləyirlər. Dördüncü, Qubadlı və Zəngilan istiqamətlərində bəzi ərazilərə nəzarəti ələ keçirmək niyyəti güdürlər. Beşinci, Qarabağdan könüllü gedən ermənilərinin geri qaytarılmasını Azərbaycanla danışıqlarda müzakirə predmetinə çevirmək istəyirlər. Altıncı, Qərbi Azərbaycan məsələsini Bakının gündəmdən çıxarmağa çalışırlar.

44 günlük müharibədə ordusu darmadağın edilmiş Ermənistan özündən yekə iddiaları qarşısında gülünc görünür. Əgər Ermənistan avantüraya gedib Azərbaycana qarşı hərbi təxribata əl atarsa və yenidən torpaqlarımıza soxulmağa cəhd edərsə, bu, ona böyük ərazi itkilərinə başa gələcək”.