TBİLİSİ, 12 mart. TELEQRAF

“Biz ənənəvi olaraq millimizi bütün həvəsimizlə, enerjimizlə və qələbə gözləntimizlə dəstəkləməliyik”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu sabiq futbolçu, Tbilisi meri Kaxa Kaladze meriyada keçirilən iclasda UEFA Millətlər Liqasının pley-off mərhələsində baş tutacaq Gürcüstan-Ermənistan matçından danışarkən deyib.

Oyuna böyük marağın olduğunu qeyd edən mer bildirib ki, Tbilisinin Birinci Respublika meydanında ilk matçın böyük ekranda nümayişi təşkil olunacaq.

“Matçı stadionda izləyə bilməyəcək azərkeşləri martın 20-də saat 21:00-da nümayişə dəvət edirik. Nümayişi Tbilisi meriyası və Gürcüstanın Futbol Federasiyası birgə təşkil edəcək”, - K.Kaladze söyləyib.

Mer millinin üzvlərinə uğurlar və qələbə arzulayıb.

Qeyd edək ki, Gürcüstan millisi Ermənistanla martın 20-də İrəvanda qarşılaşacaq. Martın 23-də isə Gürcüstan yığması rəqibini Tbilisidə “Dinamo Arena”da qəbul edəcək.