BAKI, 22 aprel. TELEQRAF

“Qırğızıstanda hüquq-mühafizə orqanlarının vicdansız zabitlərdən təmizləmək üçün genişmiqyaslı səylər davam edir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Jumqalbek Şabdanbekov bildirib.

Onun sözlərinə görə, proses Daxili İşlər Nazirliyi və baş Prokurorluqla birgə aparılır, sistemli və davamlıdır: “Əsas məqsəd korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayətkar elementlərlə əlaqədə olan əməkdaşları müəyyən edib məsuliyyətə cəlb etməkdir”.

Şabdanbekov təhlükəsizlik orqanları arasında heç bir qarşıdurmanın olmadığını vurğulayıb. Bütün qurumların Prezident Sadır Japarovun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün birlikdə çalışdıqları qeyd edilib.

Təhlükəsizlik xidmətinin rəisi vurğulayıb ki, bu, qurumlararası mübarizə deyil, sistemi təmizləmək üçün birgə səydir.

Həmçinin əlavə edilib ki, baş verənləri qurumlararası münaqişə kimi təqdim etmək cəhdləri doğru deyil.

Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri qanunun hər kəsə şamil olunduğunu və qanunu pozanlara qarşı heç bir ayrı-seçkiliyin olmayacağını söyləyib: “Vəzifəsindən asılı olmayaraq, qanunu pozan hər kəs məsuliyyət daşıyacaq”.

Xatırladaq ki, son həftələrdə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin bir çox keçmiş və indiki əməkdaşı müxtəlif ittihamlar üzrə həbs edilib.