TBİLİSİ, 8 mart. TELEQRAF
İlk pianoçu qadın Xədicə Qayıbova, ilk peşəkar opera müğənnisi Şövkət Məmmədova, ilk peşəkar qadın rəssam Qeysər Kaşıyeva, ilk hərbi tibb bacısı Nigar Şıxlinskaya, ilk qadın redaktor Xədicə Əlibəyova. Bu xanımlar öz sahələrində Azərbaycanda ilk olanlardır. Bu beş qadını birləşdirən ümumi cəhət onların Tiflisdə anadan olmalarıdır. Gürcüstan torpağında doğulmuş bir azərbaycanlı qadın da var ki, yalnız bir ölkənin deyil, bütün müsəlman dünyasının ilki olub. Söhbət demokratik yolla seçilən ilk qadın millət vəkili olmuş Pərixanım Sofiyevadan (1884-1951) gedir. Soydaşımız 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib.
Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı soydaşımızın doğulduğu Qardabani rayonunun Qaracalar kəndinə baş çəkib, Pərixanım Sofiyevanın məzarını ziyarət edib və onun nəslinin nümayəndələri ilə həmsöhbət olub.
Öncə Qaracalar kəndi haqqında. Kənd Rustavi şəhərinin yaxınlığında yerləşir. Tbilisidən “marşrutka” ilə Qaracalara yarım saata çatmaq mümkündür. 2014-cü ildə Gürcüstanda aparılmış son siyahıyaalmaya görə kənd əhalisinin sayı 4 min nəfərdən çoxdur.
Qaracalar sakinlərinin əksəriyyəti Sofiyevlər nəslinin təmsilçiləridir. Sofiyevlər kəndin tarixində bütün sahələrdə öncül olublar. AMEA Coğrafiya İnstitutunun keçmiş direktoru, mərhum akademik Ramiz Məmmədov da bu nəslin nümayəndəsidir.
Qaracalar 1801-ci ildən 1929-cu ilədək mövcud olmuş Tiflis qəzasının tərkibində olub. 1897-ci ildə qəza əhalisinin 5,87%-ni azərbaycanlılar təşkil edib. Kəndin girişində quraşdırılmış ad bildirən böyük lövhədə gürcü və ingilis dillərində “Qaracala” yazılıb. Bu səhv yazıda təqdim edəcəyimiz ilk belə yanlışlıq olmayacaq.

Gürcü tarixçinin tapıntısı
2018-ci ilədək Pərixanım Sofiyevanın Gürcüstanın ilk respublikasının tarixindəki yeri naməlum idi. Onun aşkarlanması gənc tarixçi İrakli Xvadagianinin adı ilə bağlıdır. Belə ki, o, Gürcüstan Demokratik Respublikası haqqında apardığı araşdırmalar zamanı soydaşımız haqqında kiçik qeydə rast gəlib və soydaşımızı tarix elminə məlum edib. Tarixçinin üzə çıxardığı arxiv sənədlərdən bəlli olub ki, P.Sofiyeva rəqibi olan kişi namizədə qalib gələrək seçilib. İ.Xvadagiani soydaşımızın seçilməsini onun nüfuzu ilə əlaqələndirib.

Kənddə və Tiflisdə böyük nüfuz sahibi
Tarixçi haqlı olub. P.Sofiyeva 34 yaşında hökumət orqanına seçilməmişdən öncə doğma Qaracalarda böyük nüfuza və hörmətə malik olub. Bu barədə Pərixanımın qohumu Əli Sofiyevə atası danışıb.

“Atam və əmilərim bibiləri Pərixanım haqda simalarında təbəssüm və qürurla danışardılar. Nəslimizdə Pərixanımın dövlət qurumuna seçildiyini bilənlər olsa da, bunu həmişə gizli saxlayıblar. Çünki sürgün və müharibə dövründə bibilərinin kim olduğunu söyləməkdən qorxurdular. Pərixanım Qaracalardan olsa da, Tiflis cəmiyyətinə inteqrasiya olunmuşdu. O, Tiflisdə şəxsi evində yaşayırdı. Şəxsi faytonu ilə Qaracalara tez-tez gəlirdi və qonaqları çox olurdu. Qonaqların kim olduğunu və nəyə görə gəldiklərini kənddə bilmirdilər. Kəndimizdə hər hansı bir mübahisə və ya anlaşılmazlıq olanda Pərixanımın vasitəçiliyi ilə həmin məsələ çox qısa vaxt ərzində həll olunurdu. Hamı onun sözünə əməl edib və hamıya köməkliyi də dəyib”.
Soydaşımızın öz icması ilə yanaşı, o vaxtkı Tiflis cəmiyyətində də nüfuzu olub. Onun tiflisli zadəganlar arasında xüsusi hörmət ilə seçildiyi bildirilir. Əli Sofiyevin danışdıqlarından məlum olur ki, Pərixanım atası Gürcüstan Milli Bankının sədri olan həkimin ailəsi ilə yaxın olub.
“Hətta kənddə kimsə xəstələnəndə deyirdilər: “Pərixanımın həkiminin yanına aparın”. Hazırda Rusiyada çalışan Pərixanımın tibb elmləri doktoru, professor nəvəsi bizə deyib ki, həmin həkimin törəmələri ilə dostluq edir”.

Qardaşının xilaskarı “Kişi Pəri”
Pərixanım nüfuzundan istifadə edərək hətta qardaşı Hacını güllələnmədən xilas edib. Hadisəni müsahibimə belə nəql ediblər:
“Hacı Sofiyev kənddə insident zamanı bir nəfəri xəncərlə öldürmüşdü. O həbs olunur, iş məhkəməyə qədər gedib çıxır. Pərixanım həmin dövrdə artıq deputat deyildi. Buna baxmayaraq, qardaşını ölüm cəzasından xilas edə bilir. Hacı Sofiyev məhkəmə zalından azadlığa buraxılır. Kənddə məsələnin necə həll olunduğunu heç kəs bilmir”.
Əli Sofiyevin sözlərinə görə, Pərixanım kənddə böyük nüfuza malik olmasaydı, onun namizədliyi irəli sürülməzdi və seçilməzdi.
“Pərixanımgil 7 qardaş və 2 bacı olublar. Beş qardaşı qolçomaqlı olub və hökumət əleyhinə çıxıblar. Bu səbəbdən 1937-ci ildə sürgün olunublar və güllələniblər. Pərixanım ailənin ikinci övladı olub. Ailə daxilində böyük nüfuzu ilə seçilib. Bacısı Böyükxanım İrana köçüb və orada ailə qurub qalıb. Onunla əlaqə kəsildiyindən barəsində hər hansı bir məlumatımız yoxdur. Pərixanımın qardaşlarının hamısı ona tabe olublar, bir sözünü yerə salmırdılar. Qardaşı Həmid ağa nüfuzlu olub. Onun üçün belə bacısının sözü qanun idi”.
Repressiya olunan qardaşlarının övladlarını himayəsinə götürən Pərixanım ailə həyatı qurmayıb. Ömrünü qardaşı övladlarını böyüdüb boya-başa çatdırmağa həsr edib. Deyilənlərə görə, onun vəfatını sürətləndirən qardaşı oğlu Məmmədin həbsi xəbəri olub.
Əli müəllim danışır ki, qardaşoğlunun həbsi Pərixanımı çox məyus edir:
“Pərixanım deyib ki, qardaşlarımın hamısını qoruya bilmədim, indi də qardaşımın balalarını həbs edirlər. Məmmədin həbsinə ürəyi dözmür. Bəlkə də bir xəstəliyi olub. Amma onun sağlam qadın olduğunu deyirlər. Məmməd tutulmasaydı, Pərixanım yəqin uzun ömür yaşayardı. Həm də qardaşlarının sürgün edilməsi və ondan sonra başlayan həyat çətinlikləri də sağlamlıq durumuna təsirsiz ötüşə bilməzdi. Deyilənlərə görə, Pərixanımın dəfn mərasimində Qaracalarda izdiham yaşanıb. Kənddə hətta 1 həftə-10 gün yas saxlanılıb”.
Pərixanım mərdliyi, qorxmazlığı və cəsarətinə görə “Kişi Pəri” adlandırılırdı. Əli Sofiyevin sözlərinə görə, onu bu adla elə indi də daha çox tanıyırlar:
“Başqa kəndlərdə Pəri xanım deyəndə soruşurlar, kimi deyirsiniz “Kişi Pəri”ni? Pərixanım zəhmli olmaqla yanaşı, çox mehriban və qayğıkeş qadın olub. Nüfuzundan xeyirli məqsədlər üçün istifadə edib. Gürcü elitası ilə onların öz dillərində ünsiyyətdə olub. Onun Qaracalara hər gəlişi toy-bayrama çevrilirdi. Faytonla kəndə gələndə bütün kənd onu qarşılamağa yığışırdı”.
.jpg)
Pərixanımın xeyriyyəçiliyi
Pərixanım Sofiyeva yalnız yaxınlarını deyil, Qaracalar sakinlərini də qayğısı ilə əhatələyib. Kənddə dəmir yolu stansiyasının inşası da onun adı ilə bağlıdır. Əli Sofiyevin söylədiklərinə görə, əvvəllər kənddə dəmir yolu stansiyası olmadığından sakinlər əziyyət çəkirdilər:
“Kənd sakinləri yaxınlıqda yerləşən stansiyaya getmək üçün uzun məsafəni piyada qət etməli olurdular. Sakinlərin müraciəti əsasında Pərixanım dostluq və tanışlıq əlaqələrindən istifadə edərək platformanın inşasına icazə alıb. “Elektriçka”lar bu gün də Tbilisi və Rustavi istiqamətində hərəkət edirlər və həmin stansiyada dayanırlar. Deyilənlərə görə, stansiyanın inşası dövlətin verdiyi kredit hesabına mümkün olub”.
Təəssüflər olsun ki, stansiyanın bugünkü vəziyyəti olduqca acınacaqlıdır. Əli müəllim onun bərpasına ehtiyacın yarandığını bildirir:
“Stansiya günümüzə qədər gəlib çatıb. Vaxtilə betonlama və işıqlandırılma işləri həyata keçirilib. Amma hazırda platforma deformasiyaya məruz qalıb, yenidən qurulmasına zərurət yaranıb. Yenidənqurma işlərindən sonra stansiyaya xatirə lövhəsinin vurulması da yaxşı olardı”.
Kənd ağsaqallarının danışdıqlarına görə, Pərixanım Sofiyeva kənddə maldarlıqla məşğul olan təsərrüfat sahiblərini qışlaq yerləri üçün torpaq sahələri ilə təmin edib. Həmin sahələr yalnız Qaracalar sakinləri üçün deyil, ətraf kəndlər üçün də əlçatan olub.

“Pərixanımın nümunəsi stimul verir”
Söhbətimizə Əli müəllimin qızı Lalə Sofiyeva qoşulur. Onun sözlərinə görə, babası bibisi haqqında az məlumatlı olsa da, çox fəxrlə danışardı:
“Babam hətta deyərdi ki, məni Pərixanım kimi sözükeçən və öz hüquqlarını müdafiə edən görmək istəyir. Pərixanımın vaxtilə deputat olduğu barədə məlumatla məktəbdə təhsil aldığım dövrdə tanış oldum. Daha sonra kənd ağsaqqallarından məlumatlar topladıq. Bir əsr öncə kənddə belə mərd qadının olması, stereotipləri məhv etməsi, başqalarına köməkdarlığı çox qürurvericidir. Pərixanımın ulu nənəm olması ilə qürur hissi keçirirəm, onun şəxsiyyəti hətta insana bir stimul da verir. Pərixanım nümunəsi sübut edir ki, heç bir mübarizə nəticəsiz qalmır. Hər zaman mübarizə apardıqda məqsədə çatmaq mümkün olur və buna nə ətraf mühit, nə də digər faktorlar mane ola bilər. Pərixanımı idol kimi qəbul edən xanımlarımız da var.
Təhsil aldığım ali məktəbin bir lektoru məni Pərixanıma bənzədir. O, Pərixanım haqında məlumatlıdır, xarakterimdə müəyyən bənzərliklər tapıb”.
Lalə Sofiyeva ağsaqqalların ulu nənəsi haqqında danışdıqları bir məqamı da xatırlayır:
“Deyilənlərə görə, Pərixanımın ən sevdiyi bayramlar Ramazan və Novruz olub. Novruzda kəndə gələndə uşaqlar üçün konfet gətirib paylayardı. O, sadə və fərqli, daha çox şəhər tipinə xas geyim tərzi ilə seçilirdi”.

Xatirəsi əbədiləşdirilib, amma...
2018-ci ildən etibarən Pərixanım Sofiyevanın Gürcüstanda xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir neçə addım atılıb.
Həmin ildə ilk olaraq Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Aparatının dəstəyi ilə Qaracalar kəndindəki məzarı abadlaşdırılaraq qəbirüstü abidə qoyulub.
2021-ci ilin fevralında Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə həyata keçirilmiş “Tbilisinin xatirə skamyaları” adlı layihə çərçivəsində oturacaqlardan birinə Pərixanım Sofiyevaya həsr olunan lövhə bərkidilmişdi. Lövhədə P.Sofiyevanın dünyada demokratik yolla seçilən ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində məlumat yazılmışdı. Gürcücə Pəri xanım yazılsa da, ingilis dilində Pəri-Xan qeyd olunmuşdu.

Həmin skamya artıq mövcud deyil. Tbilisi sakrebulosunun binası önündə yerləşmiş skamyalar xeyli vaxtdır yeniləri ilə əvəzlənib. “Xatirə skamyaları”nın hazırda harada olması məlum deyil.
2022-ci ildə Gürcüstanda fəaliyyət göstərən “Qadınların Təşəbbüslərinə Dəstək Qrupu” qeyri-hökumət təşkilatının layihəsi əsasında “Pərixanım Sofiyeva” adlı animasiya filmi ərsəyə gətirilib.

2023-cü ildə Tbilisinin Krtsanisi rayonunda, Poniçala deyilən ərazidə, Marneuli şossesinin yaxınlığındakı adsız küçəyə Pərixanım Sofiyevanın adı verilib. Burada da bir amma var. Ad bildirən lövhələrdə soydaşımızın adı gürcü və ingilis dillərində “Pəri-Xan” kimi yazılıb.
.jpg)
Sofiyevanın Gürcüstanda aradan qaldırdığı stereotip
Onu da qeyd edək ki, küçəyə Pərixanımın adının verilməsi təşəbbüsü gürcüstanlı soydaşımız, hüquq müdafiəçisi Samirə Bayramovaya məxsus olub. Soydaşımızın sözlərinə görə, küçəyə azərbaycanlı xanımın adının verilməsinə nail olmaq asan olmayıb, amma ən önəmlisi nəticədir:
“Uşaq və qadın hüquqlarının müdafiəçisi kimi küçəyə Pərixanım Sofiyevanın adının verilməsi xəbərinə çox sevindim. Azərbaycanlı qız və qadınların Pərixanımı özlərinə kumir seçmələrini arzulayıram. Azərbaycanlı qadınlar zəif olduqlarını düşünməməlidirlər. Onlar yalnız Gürcüstan tarixində deyil, müsəlman dünyası tarixində də iz qoymuş azərbaycanlı xanımı nümunə hesab etməlidirlər. Gürcüstanda QHT sektorunda, hüquq müdafiəçiləri arasında belə bir yanlış fikir var idi ki, azərbaycanlı xanımlar cəmiyyətdə fəal deyillərsə, bu, onların mentaliteti, dini və digər məsələlərlə əlaqəlidir. Lakin Pərixanım Sofiyeva haqqında ilk materiallar üzə çıxarılandan sonra bu stereotip demək olar tam aradan qalxdı”.
Pərixanımın divar rəsmi niyə narazılıq yaradıb?
2023-cü ildə Əli Sofiyevin evinin hasarında Pərixanım Sofiyevaya həsr olunan divar rəsminin də açılışı olub. Gürcü rəssamın müəllifi olduğu rəsmdə İslam dininin rəmzi sayılan yaşıl rəngdən bol istifadə edilib və soydaşımızın tənbəki çəkməsi ön plana çıxarılıb. Bu məqam Sofiyevlər və Qaracalar sakinlərinin də ürəyincə olmayıb. Rəssam Sofiyevlərin tənbəki çubuğunun silahla əvəzlənməsi təklifini qəbul edib, amma bu günə qədər istək yerinə yetirilməmiş qalıb. Soydaşlarımızın narazılığı haqlıdır. Pərixanımın Gürcüstan və müsəlman dünyası tarixində tutduğu yer onun tənbəki çəkməyindən daha mühüm faktdır.

“Ondan bir xatirə əşyası belə qalmayıb”
Təəssüflər olsun ki, Pərixanım Sofiyevadan bir xatirə əşyası belə qalmayıb. Onun əsası, tənbəki çubuğu, “Mauzer” tipli silahı və digər əşyalarının taleyi naməlumdur. Sofiyevlər bunu onun övladlığa götürdüyü qardaşı qızının həyat yoldaşı ilə əlaqələndirirlər. Sofiyevlər nəslinə qısqanclıq hissləri həmin əşyaların üzə çıxarılmasına imkan verməyib.
Əli Sofiyev Pərixanımın xatirəsinin əbədiləşdirilməsi üçün xeyli işlərin görüldüyünü və buna görə minnətdar olduğunu söyləyib:
“Amma layiq formaya çatdırılmayıb. Onun məzarının abadlaşdırılması, hasarın çəkilməsi məsələsi gündəmdədir. Pərixanımın doğma kəndində xatirəsi hələ də əbədiləşdirilməyib. Kəndin mərkəzi kuçəsinə onun adının verilməsini istəyirik. Amma hələ kəndimizdə küçələr adlandırılmayıb. Bu il küçələrə adların veriləcəyi gözlənilir”.
Pərixanım Sofiyevanın Tiflisdəki şəxsi evinə gəlincə, həmsöhbətimin sözlərinə görə, həmin ev günümüzə qədər gəlib çatıb.
“Evin Tbilisidə hazırkı Azadlıq meydanı yaxınlığında yerləşdiyi deyilir. Evin dəqiq müəyyən edilməsindən sonra xatirə lövhəsinin vurulmasına nail olmaq üçün çalışacağıq”.
Sofiyevlər Pərixanım haqqında kitabın da hazırlandığını qeyd ediblər. Onların sözlərinə görə, kitab kənd ağsaqqallarının danışdıqları əsasında yazılıb. Sofiyevlər nəşrin işıq üzü görməsi məsələsini də gündəmdə saxlayırlar.
Pərixanımın xeyriyyəçilik nişanəsi zibilliyə çevrilib
Sofiyevlərlə söhbətimizə yekun vurub Lalə ilə birgə yaxınlıqda yerləşən Pərixanımın xeyriyyəçilik nişanəsi olan dəmir yolu stansiyasına yollanırıq. Yaxınlaşan kimi göz önündə ürəkaçmayan mənzərə yaranır. Stansiyanın ətrafını tullantılar cənginə alıb. Kiçik stansiya illərdir baxımsız qaldığından acınacaqlı durumdadır, platformadakı dəmir skamyaların yalnız ayaqları qalıb.
Ümid edirik ki, Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatının xatirəsinin bundan sonrakı əbədiləşdirilməsi məsələsinə xüsusi həssaslıqla və ən əsası tarixdə tutduğu yerə layiq formada yanaşılacaq. Soydaşımızın inşasına nail olduğu stansiyanın da əsaslı bərpa olunaraq abad vəziyyətə gətirilməsi, “Pərixanım Sofiyeva” adlandırılması onun əziz xatirəsinə ən böyük ehtiram göstərici olar. Bu xeyirxah missiyanın həyata keçirilməsinə Gürcüstanın və Azərbaycanın sahibkar qadınları da dəstəklərini göstərə bilərlər. Bu, rəmzi məna daşımaqla yanaşı, əcdadlarımıza hörmət və minnətdarlığımızın ifadəsi də olardı.


.jpg)


.jpg)
.jpg)

.jpg)
.jpg)