
BAKI, 27 fevral. TELEQRAF
"Hörmətli vətəndaşlar, bu günlərdə sosial şəbəkələrdə, mətbuatda geniş müzakirə olunan “Real Ermənistan” ideologiyasının layihəsini ötən həftə dərc etmişəm".
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifələrində yazıb.
“Layihə ilə bağlı vətəndaşlarla birbaşa müzakirələrin aparılmasını vacib hesab edirəm. Belə bir müzakirədə maraqlı olan vətəndaşları 20-30 nəfərlik qruplar şəklində hökumətlə müzakirələrə dəvət edirəm. Qruplarınızı yaradın və rəsmi görüş sorğusu göndərin. Fərdi şəkildə də görüş sorğusu göndərə bilərsiniz. 70 və daha çox nəfərdən ibarət qruplar yaradılarsa, layihəni müzakirə etmək üçün mən şəxsən sizinlə görüşəcəyəm”, - o qeyd edib.
Xatırladaq ki, uzun müddətdir Paşinyanın irəli sürdüyü “Real Ermənistan” ideyası ölkəsində müzakirə mövzusudur. Radikal siyasi-ictimai çevrələr baş nazirin bu konsepsiyasına qarşı çıxırlar. Paşinyanın bu konsepsiyasına görə, “Real Ermənistan” indiki Ermənistan sərhədlərini əhatə edir və qonşulara ərazi iddialarını istisna edir. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından gedir.
Nikol Paşinyanın məsələ ilə bağlı yanvarın 31-də verdiyi açıqlama belə idi:
“Cəmiyyətin düşüncəsində real Ermənistan heç vaxt olmayıb. Mən belə qənaətə gəldim ki, biz real Ermənistanı həm tarixi Ermənistan (ərazi iddialarını ehtiva edən anlayış – red.), həm də real Ermənistan üçün örnək kimi qəbul etməliyik. Başqa yol yoxdur”.