BAKI, 20 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın yenidən seçilmək və hakimiyyətdə qalmaq şansı yoxdur.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.

Ekspert fikrini Qərbdən Ermənistan rəhbərinə dəstəyin kəskin şəkildə azalması ilə izah edib.

“Nikol Ermənistanda sosial bazasını itirib, kənar dəstəkdə əsas dayaqlarını itirib. Bu gün Ermənistan və ətrafında gərginliyin ciddi şəkildə azaldığı təsdiqlənib. Bu şərtlər altında onun yenidən seçilmək və hakimiyyətdə qalmaq şansı yoxdur.

Bunu başa düşən Nikol növbəti dəfə daxili və xarici qarşıdurmaya gedir”, - Ovannisyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın yeni konstitusiyanın qəbulu ideyasını yenidən gündəmə gətirməsi bununla əlaqəlidir. Ovannisyan məsələnin Ermənistanda gərgin müzakirələrə yol açacağını proqnozlaşdırır.

Xatırladaq ki, Paşinyan bundan əvvəl Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb.

Erməni mənbələrinə görə, baş nazirin bu planı Azərbaycanın müvafiq tələbi ilə bağlıdır. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qeydlərin Ermənistan konstitusiyasından çıxarılmasından gedir.