
BAKI, 17 fevral. TELEQRAF
Ermənistan Avropa İttifaqına (Aİ) yox, Türkiyəyə yaxınlaşır.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Albaniya, Şimali Makedoniya baş nazirləri və Aİ-nin genişlənmə üzrə komissarının da daxil olduğu Aİ-nin genişlənməsinə dair panel müzakirəni izlədim. Həmin 1-1,5 saatlıq müzakirə zamanı Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı heç nə deyilmədi. Hələ Paşinyanın “Aİ-yə üzvlüyün öncülü” kimi orada çıxış edənlər arasında olmamasından heç danışmıram. Əvəzində Qərbi Balkan ölkələrinin, Albaniya, Monteneqro, Serbiya, Moldova və Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr aparıldı. Hətta Aİ-Gürcüstan gərginliyi fonunda Gürcüstanın adı çəkilsə də, Ermənistanla bağlı bir kəlmə də olmadı, eyham vurulmadı. Hətta onu rəsmi şəkildə qarşılamadılar.
Qəribə deyilmi, Aİ-yə üzvlük layihəsini qəbul edən ölkənin adı çəkilmir?” - deputat bildirib.
Abramyan qeyd edib ki, İrəvanın bütün səylərinə baxmayaraq, Avropa İttifaqından bu istiqamətdə heç bir cavab almır:
“Ermənistan yeni xarici siyasət oriyentasiyası ilə Aİ-yə yox, əslində Türkiyəyə doğru irəliləyir”.