BAKI, 13 noyabr. TELEQRAF
Noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.
O deyib ki, EPC ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın təşviqinə xidmət edən qeyri-rəsmi dialoq platformasıdır:
"Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb".