BAKI, 1 noyabr. TELEQRAF
Böyük Britaniya hökuməti Avropa İttifaqından (Aİ) çıxışla (Breksit) bağlı Brüssel ilə imzalanmış sazişin şərtlərini yaxşılaşdırmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya Xəzinədarlığının baş katibi Emma Reynolds “Sky News” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, noyabrın 20-də Aİ ilə keçiriləcək görüşdə bu məsələ müzakirə olunacaq. Reynolds hesab edir ki, hazırkı saziş Britaniya şirkətlərinin Avropa ölkələrinə məhsul satmasını çətinləşdirir.
“Breksit referendumundan 10 il ötüb. İndi Britaniya xalqı ilə gələcək addımlar barədə danışmağın vaxtıdır. Noyabrın 20-də keçiriləcək görüşdə Boris Consonun dövründən qalan uğursuz sazişi yaxşılaşdırmağa çalışacağıq”, – o deyib.
Reynolds bildirib ki, sərhədlərdə yaranan əlavə maneələr səbəbindən Britaniyanın Avropa İttifaqına məhsul ixrac edən hər yeddi şirkətindən biri bu fəaliyyəti dayandırıb.
Bununla belə, hazırkı hökumət Britaniyanın yenidən Aİ-yə qoşulmasını, Avropa Gömrük İttifaqına və vahid bazara qayıtmasını planlaşdırmır. Reynolds qeyd edib ki, 2029-cu ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər bu məsələlər gündəmdə olmayacaq. Vətəndaşların Aİ ölkələri arasında sərbəst hərəkətinin bərpası da nəzərdə tutulmur.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi ölkənin ittifaqdan çıxmasını dəstəkləyib. Böyük Britaniya 2020-ci il fevralın 1-də Aİ-ni rəsmən tərk edib.
Ötən günlərdə Böyük Britaniyanın Baş naziri Endi Bernhem də ölkəsinin gələcəkdə Aİ-yə qayıtmasını görmək istədiyini bildirib. Bununla belə, o, hazırkı parlamentin fəaliyyəti dövründə belə bir addım atılmayacağını qeyd edib.