BAKI, 1 noyabr. TELEQRAF
Ukraynanın dörd vilayətində energetika infrastrukturu Rusiyanın gecə zərbələrinə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Dnipropetrovsk, Vinnitsa, Jitomir və Xmelnitski vilayətlərində yarımstansiyalar, transformatorlar və elektrik verilişi xətləri zədələnib. Hazırda yüz minlərlə ailə elektrik enerjisiz qalıb, ərazilərdə təmir briqadaları çalışır.
V.Zelenski qeyd edib ki, son bir həftə ərzində Rusiya Ukrayna ərazisinə 1 940 hücum dronu, 1 580-dən çox idarəolunan aviasiya bombası və 36-sı balistik olmaqla 44 müxtəlif tipli raket buraxıb.
Dövlət başçısı Ukraynanın "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinə təcili ehtiyacı olduğunu vurğulayaraq, tərəfdaş ölkələri hərbi yardım paketlərinin tədarükünü ləngitməməyə çağırıb.