BAKI, 31 oktyabr. TELEQRAF
Polşa Konstitusiya Məhkəməsinin əməkdaşlarına və hakimlərinə xidməti vəzifələrinin icrasını dayandırmaq tapşırılıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun sədr vəzifəsini icra edən Anna Korvin-Petrovskaya sərəncam verib.
“İşə gəlmək və məhkəmənin binasında olmaq da daxil olmaqla, xidməti vəzifələrin icrasını dayandırıram. Yalnız işə gəlməsinin zəruriliyi barədə məlumat verəcəyim əməkdaşlar istisna təşkil edir”, - Konstitusiya Məhkəməsinin saytında dərc olunan sərəncamda bildirilib.
Sənəddə ictimai asayişin pozulması riskinin yüksək olması ilə əlaqədar məhkəmə hakimlərinə xidməti vəzifələrini binadan kənarda icra etmək tövsiyə olunub.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maçey Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra başlayıb. Son həftələr ərzində məhkəmə binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib.
Oktyabrın 30-da ölkənin ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Sventçkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət təqdim edib. Məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub.
Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmə binasının qarşısına toplaşaraq hasarı aşmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın daha da dərinləşməsi ilə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Bir sıra müxalifət siyasətçiləri baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.