BAKI, 28 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) namizəd ölkələrdən dördü üçün mərhələli üzvlük planını ehtiva edən ayrıca yol xəritələrinin hazırlanması imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” Avropa Komissiyasının rəsmilərinə istinadla məlumat yayıb.
Söhbət Monteneqro, Ukrayna, Moldova və Albaniyadan gedir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sənədlərdə hər bir ölkə üçün konkret tələblər və danışıqlar prosesinin başa çatdırılması üçün təxmini müddətlər müəyyən olunmalıdır. Namizəd ölkələr zəruri islahatları həyata keçirdikləri təqdirdə üzvlüyə doğru irəliləyə biləcəklər.
Rəsmilər qeyd ediblər ki, adları çəkilən ölkələr Avropa İttifaqı üzvlüyünə ən yaxın namizədlər hesab olunur. Amma üzvlüklə bağlı danışıqlar hələlik yavaş irəliləyir və üzvlüyün yekun tarixləri müəyyən olunmayıb. Bildirilib ki, təqdim ediləcək planlar ilk dəfə olaraq adıçəkilən dövlətlərə zəruri islahatları davam etdirdikləri təqdirdə Aİ-yə qəbul olunacaqlarına dair zəmanət verəcək.
Prosesin daha erkən mərhələsində olan digər namizəd ölkələrə - Kosovo, Şimali Makedoniya və Bosniya və Herseqovinaya hazırkı mərhələdə yol xəritələri təklif edilməyəcək. Həmçinin müraciətləri demokratik və məhkəmə normalarından geri çəkilmə ilə bağlı narahatlıqlar səbəbindən üzvlük danışıqları dayandırılmış Gürcüstan, Türkiyə və Serbiyaya da belə yol xəritələri təklif olunmayacaq.