BAKI, 25 sentyabr. TELEQRAF
Slovakiya Baş naziri Robert Fitso və ailə üzvləri ölümlə təhdid edilib.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiya Baş nazir Administrasiyasına istinadla “DennikN” məlumat yayıb.
Portalın məlumatına görə, təhdidlər anonim xarakter daşıyır: “Müvafiq orqanlar daxil olan təhdidlərin məzmunu və təhlili ilə məşğuldur, hazırda Baş nazir Administrasiyası mövcud vəziyyəti şərh etməyəcək”.
Robert Fitso aldığı təhdidlər fonunda cümə günü Baş prokuror Maroş Jilinka ilə tərəflərin münasibətlərinə dair mətbuat konfransını ləğv edib. Baş nazir Slovakiyanın şərqinə yola düşüb və burada rəhbərlik etdiyi “İstiqamət Sosial Demokratiya” Partiyasının tədbirlərində iştirak edəcək.
Baş Prokurorluğun mətbuat katibi Zuzana Drobova bundan əvvəl cümə günü bildirib ki, Jilinka və həyat yoldaşı ölümlə hədələnib. Drobovanın sözlərinə görə, bu hədələr Fitso baş prokuroru “müxalifətin əlində oyuncaq” adlandırdıqdan sonra gəlib.