BAKI, 28 sentyabr. TELEQRAF
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə çağırış edib.
Bu barədə Teleqraf-a idarədən bildirilib.
Məlumata görə, son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
"Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən:
yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;
ara məsafəsini düzgün seçmələri;
ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;
yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;
nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;
iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;
sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;
hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur" - deyə məlumatda qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.