BAKI, 5 avqust. TELEQRAF

Polşa hərbi xidmət yaşına çatmış Ukrayna vətəndaşlarını zorla ölkələrinə qaytarmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə Polşa kəşfiyyat xidmətlərinin koordinasiya naziri Tomaş Semonyak bildirib.

“Bir müddət əvvəl bu məsələni müzakirə etmişdik. Həmin vaxt Ukrayna tərəfdən ölkəni tərk etmiş və məcburi səfərbərliyə cəlb olunan şəxslərin geri qaytarılması ilə bağlı çağırışlar səslənirdi. Orada yaş, ailə vəziyyəti, uşaqların sayı və digər meyarlarla bağlı müəyyən qaydalar mövcuddur. Bunu etməyəcəyimizə dair qərar vermişik. Yəni polisimiz belə şəxsləri saxlayaraq Ukraynaya təhvil verməyəcək”, - Semonyak bildirib.

Nazir vurğulayıb ki, bu cür məcburetmə xarakterli tədbirlər nəzərdə tutulmur.

Qeyd edək ki, Avropa İttifaqı iyul ayında hərbi xidmət yaşında olan Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiə statusunun verilməsini dayandırıb.