BAKI, 1 iyul. TELEQRAF
İrlandiya Rusiya-Ukrayna müharibəsi ilə bağlı hərbi neytrallığından imtina edərək, Kiyevə köhnəlmiş zirehli döyüş maşınları tədarük etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Irish Times” İrlandiya Müdafiə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, bu ilin birinci yarısında İrlandiya hakimiyyəti Ukraynaya 27 yüngül taktiki zirehli texnika (LTAV) təhvil verməyi təklif edib. Bu maşınlar standart olaraq pulemyotlarla təchiz olunub. Bundan əvvəl Dublin Kiyevə silahsız hərbi texnikalar, minatəmizləmə maşınları və zirehli gödəkçələr də daxil olmaqla, ölümcül olmayan hərbi yardım göstərib.
İrlandiya Müdafiə Nazirliyindən bildirilib ki, Ukrayna yekunda təklifi rədd edib:
“Ukrayna Müdafiə Nazirliyi təklifə və Ukraynaya davamlı dəstəyinə görə İrlandiyaya səmimi minnətdarlığını bildirib. Amma yekunda bu tip nəqliyyat vasitələrinin hazırda Ukrayna Silahlı Qüvvələrində xidmətdə olmadığı, buna görə də şəxsi heyətin təlimi, texniki xidməti və ehtiyat hissələrinin təchizatı üçün ayrıca sistem tələb edəcəyi əsas gətirilərək, təklifi rədd ediblər”.
Müdafiə Nazirliyi vurğulayıb ki, təklif İrlandiya hökumətinin Ukraynaya qeyri-öldürücü hərbi yardım göstərmək siyasəti ilə ziddiyyət təşkil etmir.