BAKI, 28 iyun. TELEQRAF

Serbiya ordusunun tərkibində yaxın vaxtlarda pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üzrə xüsusi bölmələr yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, ordunun modernləşdirilməsi istiqamətində işlər davam edir və qarşıdakı dövrdə silahlı qüvvələrdə ciddi dəyişikliklər baş verəcək.

"Qarşıda görüləsi çox iş var. Lakin ordumuzun böyük dəyişikliklər dövrünə qədəm qoyduğu artıq aydındır. Yaxın vaxtlarda müntəzəm ordunun tabor və briqadalarının tərkibinə daxil ediləcək pilotsuz uçuş aparatlarının idarə olunması üzrə xüsusi bölmələr yaradılacaq. Həmin bölmələrdə daha çox qadınlar, gənclər və yüksək fiziki hazırlığa malik olmasalar da, dron və PUA-ların idarə edilməsini bacaran şəxslər xidmət edə biləcəklər", – deyə Vuçiç bildirib.

Serbiya Prezidenti xatırladıb ki, ölkə yaxın vaxtlarda silahlı qüvvələrin robotlaşdırılması strategiyasını da təsdiqləyəcək və hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalını artıracaq.