BAKI, 27 iyun. TELEQRAF

Avropada hökm sürən ekstremal istilər Fransa və İspaniyada ölüm hallarının artmasına səbəb olub.

Teleqraf xəbər verir ki, ölkənin səhiyyə naziri Stefani Rist hakimiyyətin Paris və ətraf bölgələrdəki bütün xəstəxanalar üçün fövqəladə tədbir planları hazırladığını bildirib.

İsti hava dalğasının başlanmasından bəri Fransada 55 nəfər suda boğularaq ölüb. Onların təxminən üçdə ikisi xilasedicilərin olmadığı ərazilərdə çimərkən həyatını itirib.

İspaniyada isə bazar günündən cümə axşamınadək yüksək temperatur səbəbindən 327 nəfər ölüb. Bununla belə, ölkədə isti hava dalğası artıq zəifləməyə başlayıb.

İsveçrədə buzlaqları müşahidə edən alimlər bildiriblər ki, bazar ertəsinə qədər qış mövsümündə toplanmış bütün qar və buzun əriməsi gözlənilir. Adətən bu hal avqust ayında qeydə alınır. Alimlərin sözlərinə görə, buzlaqların hazırkı ərimə sürəti 2022-ci ildə müşahidə olunan və rekord hesab edilən ərimə tempi ilə müqayisə oluna bilər.