BAKI, 27 iyun. TELEQRAF

“Almaniya höküməti orduya hərbçi cəlb etməkdə çətinlik çəkir və tezliklə məcburi hərbi xidmətin bərpası ilə bağlı qərar verməli olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyinə Almaniya parlamentinin müdafiə komitəsinin sədri Tomas Rövekamp bildirib.

"Əgər könüllü sistem vasitəsilə hədəflərimizə çata bilməsək, məcburi hərbi xidmətə qayıtmalı olacağıq", - deyə Tomas Rövekamp bildirib.

Onun sözlərinə görə, bu barədə qərar ən geci 2027-ci il iyulun 31-dək qəbul edilməlidir.

Qeyd edək ki, Rusiyadan qaynaqlanan təhlükə və ABŞ-nin qeyri-müəyyən siyasəti fonunda Rəsmi Berlin silahlı qüvvələrini yenidən formalaşdırmağa çalışır. Hökumət 2035-ci ilədək hərbçilərin sayını hazırkı 185 mindən azı 260 min nəfərə çatdırmağı hədəfləyir.

Hökumət ötən ilin noyabrında könüllü hərbi xidmət modelini tətbiq edib. Bununla yanaşı, 18 yaşlı kişilər üçün məcburi qeydiyyat sistemi də qüvvəyə minib.

Lakin yanvar-may aylarında təxminən 300 min gəncə müraciət edilməsinə baxmayaraq, proqram çərçivəsində cəmi 530 yeni hərbçi cəlb olunub.