BAKI, 14 iyun. TELEQRAF
Ukrayna kəşfiyyatı Rusiya daxilindəki real vəziyyəti əks etdirən və birbaşa Prezident Vladimir Putinin masasına qoyulan gizli sənədləri əldə edib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi sosial şəbəkə hesabında bildirib.
V.Zelenski bildirib ki, əldə olunan hesabatlar Rusiya rəhbərliyinə təqdim edilən sənədlər əsasında hazırlanıb:
"Məlumatlara görə, Rusiyada əhalinin narazılıq göstəricisində artım meyli müşahidə olunur və rəsmi dairələr sentyabrda keçiriləcək parlament seçkilərinə qədər bu dinamikanın davam edəcəyini ehtimal edirlər. Hesabatlarda həmçinin Rusiyanın hakim partiyasına olan dəstəyin fərqli regionlarda aşağı düşdüyü qeyd olunur".
Ukrayna dövlət başçısı Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artacağını və payıza doğru Moskva üçün siyasi-iqtisadi şərtlərin çətinləşəcəyini vurğulayıb. O, Ukrayna tərəfinin indiyədək irəli sürdüyü sülh təkliflərinin qarşı tərəfdən qəbul edilmədiyini diqqətə çatdırıb.
V.Zelenski Rusiyadakı mövcud daxili şəraitin sülh danışıqları üçün zəmin yaratmalı olduğunu bildirib. O əlavə edib ki, gələcəkdə tendensiyaların dəyişməməsi sülh sazişinin fərqli şərtlərlə və fərqli idarəçilik dövründə imzalanması zərurətini yarada bilər.