BAKI, 7 iyun. TELEQRAF
Rusiya ordusu bu gecə Çernobılın özgələşdirmə zonasında yerləşən İşlənmiş Nüvə Yanacağının Mərkəzləşdirilmiş Anbarının binasına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Enerqoatom" dövlət şirkəti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində konteynerlərin qəbulu binası qismən dağılıb. Bildirilib ki, hadisə zamanı həmin hissədə işlənmiş nüvə yanacağı saxlanılmayıb. Zərbədən sonra obyektdə yanğın baş verib, lakin alov artıq tamamilə söndürülüb. Heyət arasında xəsarət alan olmayıb.
Şirkətdən bildirilib ki, hazırda obyektin ərazisində radiasiya fonu norma daxilindədir və hər hansı təhlükə yoxdur.
Rusiya tərəfi hələlik bu zərbəni təsdiqləməyib.