BAKI, 31 may. TELEQRAF

Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə qarşı 2 300-dən çox zərbə dronu, təxminən 1 560 idarəolunan aviasiya bombası və müxtəlif tipli 108 raketdən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hücumların əsas hədəfi yaşayış binaları, enerji infrastrukturu və digər mülki obyektlər olub.

Zelenski qeyd edib ki, Ukrayna hər gün hava hücumlarından müdafiəni gücləndirmək istiqamətində fəaliyyət göstərir. O bildirib ki, Almaniya tərəfindən ölkəyə yeni IRIS-T hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu təhvil verilib.

Prezident ABŞ və Avropa tərəfdaşlarının dəstəyinə ümid etdiklərini bildirərək, anti-ballistik müdafiənin Ukrayna üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Zelenski əlavə edib ki, güclü hava hücumundan müdafiə sistemi həm insanların təhlükəsizliyini artırmağa, həm də Rusiyanın əsas üstünlüklərindən birini aradan qaldırmağa imkan verə bilər. O, Ukraynaya dəstək verən bütün tərəfdaş ölkələrə təşəkkürünü bildirib.