BAKI, 29 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında gedən müharibədə heç bir halda neytral vasitəçi qismində çıxış etməyəcək.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Baş diplomat Avropa daxilində bu mövzu ətrafında ciddi müzakirələrin aparıldığını diqqətə çatdırıb:

"Biz Avropanın Moskvadan hansı güzəştləri tələb etməli olduğunu və bizim üçün 'qırmızı xətlərin' haradan keçdiyini çox ətraflı şəkildə müzakirə etdik. Bu məsələdə bir məqam tamamilə aydındır: Avropa heç vaxt Rusiya ilə Ukrayna arasında neytral bir vasitəçi olmayacaq. Çünki biz açıq şəkildə Ukraynanın tərəfindəyik və bununla həm də özümüzün fundamental təhlükəsizlik maraqlarımızı müdafiə edirik".