BAKI, 21 mart. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Rusiyanı Avropa enerji bazarlarından sıxışdırıb çıxarmaq cəhdlərini Vaşinqtonun qlobal dominantlıq istəyinin göstəricisi kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə Rusiyanın "OTR" telekanalına verdiyi müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, ABŞ Rusiyanın enerji resurslarının Avropada payının azaldılmasını açıq şəkildə dəstəkləyir:

"ABŞ Rusiyanın Avropa enerji bazarlarında kənarlaşdırılmasını alqışlayıb və alqışlamaqda davam edir. Bu, bütün dünyada və bütün regionlarda enerji dominantlığına dair açıq iddiadır".

Rusiya diplomatiyasının rəhbəri bu siyasətin tətbiqi üçün Serbiyanı nümunə göstərib. O qeyd edib ki, bu ölkədə Rusiyanın enerji mövqelərinin zəiflədilməsi prosesində ABŞ-nin hər iki administrasiyası eyni xətti izləyir:

"Bu proses eks-prezident Co Baydenin dövründə başlayıb və hazırkı prezident Donald Tramp tərəfindən tamamlanır. ABŞ-nin bu addımı yalnız iqtisadi deyil, həm də strateji xarakter daşıyır. Vaşinqton bu hərəkətləri ilə yalnız Avropada deyil, qlobal miqyasda enerji bazarlarına nəzarət etmək niyyətini nümayiş etdirir".