BAKI, 21 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri əcnəbi könüllüləri müdafiə sıralarına cəlb etmək strategiyasını genişləndirir. Hazırda Ukrayna tərəfində döyüşən əcnəbilərin sayı 20 minə yaxındır ki, bu da ölkənin ümumi müdafiə qüvvələrinin təxminən 2%-ni təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə "Deutsche Welle" (DW) nəşri Ukrayna kəşfiyyatı və Milli Qvardiyadakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, əcnəbi könüllülərin orduya cəlb olunmasında rəsmi təbliğat kampaniyalarından daha çox şəxsi əlaqələr və informasiyanın 'ağızdan-ağıza' ötürülməsi effektiv olub. Belə ki, Ukrayna tərəfində döyüşən əcnəbilər öz həmfikirlərini, təcrübəli hərbçilər isə keçmiş silah yoldaşlarını ordu sıralarına qoşulmağa dəvət edirlər.
Bu kontekstdə kolumbiyalı döyüşçülərin sayının çoxluğu xüsusilə diqqət çəkir. Ukrayna Quru Qoşunlarının rəsmisi Konstantin Milevski bildirib ki, kolumbiyalılar cəngəlliklərdə partizanlara qarşı vuruşmağa öyrəşsələr də, Ukraynadakı yüksək texnologiyalı (raket və dron) müharibəyə uyğunlaşıblar:
"Biz hər şeyi edəcəyik ki, onlar Ukraynanı təkcə qazanc yeri kimi yox, həm də gələcəkdə bir parçası ola biləcəkləri doğma məkan kimi hiss etsinlər".
2025-ci ilin sonunda Ukrayna Beynəlxalq Legionun strukturunda ciddi dəyişikliklər edib. Legionerlər müntəzəm ordunun hücum alaylarına (məsələn, 129-cu briqadanın 253-cü hücum alayı) inteqrasiya olunublar.
Mənbələr qeyd edir ki, Rusiyanın say üstünlüyünə baxmayaraq, əcnəbi legionerlərin peşəkarlığı və motivasiyası cəbhənin bir çox istiqamətlərində həlledici rol oynayır.